İtaliyanın “İnter” klubu almaniyalı mərkəz müdafiəçisi Yan Aurel Bissek ilə müqavilənin müddətini artırdığını açıqlayıb.
Arena.az xəbər verir ki, bu barədə Milan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 23 yaşlı futbolçu 2029-cu ilin 30 iyununa qədər Milan təmsilçisinin uğurları üçün çalışacaq. Onun əvvəlki müqaviləsi 2028-ci ilin yayına kimi idi.
Xatırladaq ki, Yan Aurel Bissek Almaniyanın “Köln” klubunun yetirməsidir. O, Bundesliqa təmsilçisində olarkən “Holştayn Kil”, “Roda”, “Vitoriya” (Gimaraynş) və “Orhus” klublarında icarədə oynayıb. “Orhus” 2022-ci ilin yayında “Köln”ə 670 min avro ödəməklə onun transfer hüquqlarını alıb.
“İnter” mərkəz müdafiəçisini 2023-cü ilin yayında 7,2 milyon avro müqabilində məhz “Orhus”dan transfer edib. O, cari mövsümdə Milan klubunun heyətində 11 oyuna çıxıb. Bissekin “İnter” karyerası bütövlükdə 32 oyun, 2 qol və 2 assistdən ibarətdir.
Yan Bissek Almaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarında da oynayıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


