Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu iki futbolçusunu – qapıçı Yan Olşovski və hücumçu Qrant-Leon Ranosu icarəyə göndərib.
Arena.az bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.
Yan Olşovski Ahen “Alemanniya”sına keçib. 23 yaşlı almaniyalı qolkiper cari mövsümün sonunadək icarədə olacaq. “Borussiya”nın öz yetirməsi olan qapıçı əsas komandada cəmi 4 oyuna çıxıb və 11 qol buraxıb. O, Almaniyanın U-18, U-19 və U-20 yığmalarında da oynayıb.
Qrant-Leon Ranos isə “Kayzerslautern”ə keçib. 21 yaşlı erməni futbolçu da cari mövsümün sonunadək icarədə olacaq. Almaniyada dünyaya göz açmış hücumçu “Benninqsen”, “Hannover”, “Borussiya” (Dortmund), “Bayern” kimi klubların futbol akademiyalarından keçib. O, 2023-cü ildə cəlb olunduğu Mönhenqladbax “Borussiya”sının əsas komandasında 12 oyuna 1 qol və 1 assist müəllifi olub. Ranos 2023-cü ilin martında debüt etdiyi Ermənistan yığmasında 17 oyuna 4 qol vurub.
“Kayzerslautern” “Auqsburq”un yarımmüdafiəçisi Tim Braythauptu da icarəyə götürüb. 23 yaşlı almaniyalı futbolçu da cari mövsümün sonunadək icarədə olacaq. Peşəkar karyerasına “Karlsrue”də başlamış Braythaupt 2023-cü ildən formasını geyindiyi “Auqsburq”da 20 oyuna 1 assistlə yadda qalıb. O, Almaniyanın U-20 və U-21 yığmalarında da forma geyinib.
“Auqsburq” mərkəz müdafiəçisi Patrik Pfayferi də “Maqdeburq”a icarəyə verib. Əslən Qanadan olan almaniyalı 25 yaşlı futbolçu da cari mövsümün sonunadək icarədə olacaq.
“Hamburq”un yetirməsi olan Pfayfer “Darmştadt”da da çıxış edib. 2023-cü ildən “Auqsburq”da olan müdafiəçi əsas komandada meydana çıxdığı 12 oyunda 1 assistlə yadda qalıb. O, ötən il “Yanq Boyz”da da icarədə olub. Almaniyanın U-18 və U-19 yığmalarında oynamış Pfayferə sonralar ehtiyac duyulmayıb.