İtaliya A Seriyasında mübarizə aparacaq “Komo” heyətini 3 yeni futbolçu – Emil Audero, Yannik Engelhardt və Alieu Fadera ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Alieu Fadera Belçikanın “Genk” klubundan 5 milyon avroya transfer olunub. 22 yaşlı qambiyalı sol vingerlə 4 illik müqavilə imzalanıb.
Audero “Genk”dən öncə “Sulte Varegem”, “Pohronye” və “Real de Banjul” klublarında da çıxış edib. O, 2023-cü ilin martında debüt etdiyi Qambiya yığmasında 8 oyuna 1 məhsuldar ötürmə müəllifi olub.
Emil Audero “Sampdoriya”dan 6 milyon avroya transfer edilib. 27 yaşlı italiyalı qolkiper də “Komo” ilə 4 illik müqavilə bağlayıb.
Audero “Yuventus”un yetirməsidir. “Venesiya”, “İnter” kimi klublarda da oynamış qapıçı, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib.
Yannik Engelhardt isə dayaq yarımmüdafiəçisidir. Almaniyalı futbolçu “Fortuna” (Düsseldorf) klubundan 8 milyon avroya alınıb. 23 yaşlı oyunçu İtaliya klubu ilə 3 illik müqaviləyə imza atıb. “Fortuna”dan öncə “Verder” və “Frayburq”un ikinci komandalarında da oynamış yarımmüdafiəçi, Almaniyanın U-18, U-19 və U-20 yığmalarının şərəfini qoruyub.
“Komo” bir neçə oyunçusu ilə də yollarını ayırıb. 23 yaşlı niderlandlı mərkəz müdafiəçisi Kas Odental 1,2 milyon avro müqabilində “Sassuolo”ya satılıb. 26 yaşlı xorvatiyalı qapıçı Adrian Şemper də “Piza”ya satılıb. “Komo” onun satışından 2,5 milyon avro qazanıb.
29 yaşlı mərkəz yarımmüdafiəçisi Alessandro Bellemo ilə 28 yaşlı sol cinah müdafiəçisi Nikolas İoannou da icarəyə göndəriliblər. Hər iki futbolçu qarşıdakı mövsümün sonuna kimi “Sampdoriya”da icarədə olacaq.