2023/2024 mövsümü İngiltərə Liqa Kubokunun dörd yarımfinal oyununda videotəkrar sistemindən (VAR) istifadə edilməyəcək.
Arena.az bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yarımfinalçılardan biri olan “Midlsbro”nun stadionunda VAR sistemi yoxdur. Bu səbəbdən də Liqa Kubokunun nizamnaməsinə uyğun olaraq, bu mövsümdə yarışın bütün yarımfinal oyunlarında videotəkrar sistemindən istifadə edilməyəcək.
Xatırladaq ki, yarımfinal mərhələsində “Çelsi” “Midlsbro” ilə, “Liverpul” isə “Fulhem”lə yarışın həlledici oyununa vəsiqə uğrunda mübarizə aparacaqlar. Komandalar bir-birinə qarşı iki oyun keçirəcəklər – evdə və səfərdə. İlk yarımfinal oyunları 9 və 10 yanvarda, cavab görüşləri isə 23 və 24 yanvarda keçiriləcək.
Ötən mövsüm həlledici görüşdə “Nyukasl”ı 2:0 hesabı ilə məğlub etmiş “Mançester Yunayted” yarışın qalibi olmuşdu.