Yaroslav Rakitski “Adana Dəmirspor”dan ayrıldı

Türkiyənin “Adana Dəmirspor” klubu ukraynalı müdafiəçisi Yaroslav Rakitski ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçuya xidmətlərinə görə təşəkkür edilib, bundan sonrakı həyatında uğurlar arzulanıb.

Yaroslav Rakitski Rusiyanın “Zenti” klubundan ayrıldıqdan sonra bu mövsümün əvvəlində “Adana Dəmirspor”la 1+1 illik müqaviləyə imza atmışdı. 33 yaşlı oyunçu Türkiyə təmsilçisində cəmi 9 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.

Donetsk “Şaxtyor”unun yetirməsi olan Rakitski, 12 il ərzində bu komandanın uğurları üçün çalışdıqdan sonra 2019-cu ildə “Zenit”ə üz tutmuşdu. Lakin mərkəz müdafiəçisi Rusiya – Ukrayna müharibəsi başladıqdan sonra Sankt-Peterburq təmsilçisindən ayrılmaq məcburiyyətində qalmışdı.

Ukrayna yığmasında 54 oyun keçirmiş müdafiəçi, 5 qola da imza atıb.

Xatırladaq ki, “Adana Dəmirspor” bir müddət öncə rusiyalı hücumçu Artyom Dzyuba ilə müqaviləyə də vaxtından əvvəl xitam vermişdi.