“Qarabağ”ın və Əlcəzair milli komandasının yarımmüdafiəçisi Yassin Benzya 2024-cü ilin “Ferents Puşkaş” mükafatına namizəd olub.
Arena.az xəbər verir ki, FİFA 2024-cü ilin ən gözəl qoluna veriləcək “Ferents Puşkaş” mükafatı üçün namizədlərin siyahısını açıqlayıb.
Siyahıda “Qarabağ”ın əlcəzairli futbolçusu Yassin Benzyanın da adı var. Onun Əlcəzair millisinin heyətində Cənubi Afrika Respublikasına vurduğu baxımlı qol ilin ən yaxşısı seçilməyə namizəddir. 30 yaşlı yarımmüdafiəçi martın 26-da Əlcəzairlə CAR arasında baş tutan beynəlxalq yoldaşlıq matçının 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə FIFA-nın açıqladığı namizədlər siyahısında yer alıb. Görüş 3:3 hesabı ilə başa çatıb. Benzya buu qarşılaşmada dubl (22, 70) müəllifi olub.
Siyahıda ümumilikdə 11 futbolçu yer alır. 2023-cü ilin avqustun 21-dən 2024-cü ilin avqustun 10-dək vurulan 11 qoldan ən yaxşısı səsvermə əsasında müəyyənləşəcək:
Namizədlərin siyahısı
Həsən Əl-Xaidos (Qətər – Çin);
Terri Antonis (“Melburn Siti” – “Vester Siti Vonderers”);
Yassin Benzya (Əlcəzair – Cənubi Afrika Respublikası);
Valter Bou (“Lanus” – “Tiqre”);
Maiko Çirinos (Kosta-Rika – Honduras);
Federiko Dimarko (“İnter” – “Frozinone”);
Alexandro Qarnaço (“Everton” – “Mançester Yunayted”);
Məhəmməd Kudus (“Vest Hem” – “Frayburq”);
Denis Omedi (KSK – “Kitara”);
Pol Onuaçu (“Trabzonspor” – “Konyaspor”);
Ceyden Filocin (“Roterm” – “Hall Siti”);
Qeyd edək ki, səsvermə dekabrın 10-da yekunlaşacaq.
Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 76 oyuna çıxıb, 22 qol vurub, 21 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.
30 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 13 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.