Yassin Benzya millidə şou göstərdi: 2 qol, 1 assist – Video

“Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi Yassin Benzya 6 il sonra dəvət aldığı Əlcəzair yığmasının heyətində növbəti oyuna çıxıb.

Arena.az xəbər verir ki, Əlcəzair millisi “FİFA series – Edition 2024” layihəsi çərçivəsində Cənubi Afrika Respublikası (CAR) yığması ilə qarşılaşıb.

Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 3:3.

Oyuna start heyətində başlayan Benzya 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 22-ci və 70-ci dəqiqələrdə fərqlənən oyunçu 53-cü dəqiqədə assistlə də diqqət mərkəzinə düşüb. Benzyanın xüsusilə də ikinci qolu daha baxımlı alınıb. Lakin bu qolu vuran zaman əzələsini dartan “Qarabağ”ın futbolçusu 74-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir.

Xatırladaq ki, Benzya martın 22-də Boliviyaya 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada da rəqib qapısına yol tapmışdı.

Əlcəzair millisi 3:2 hesablı qələbəyə sevinib. “Qarabağ”ın 29 yaşlı futbolçusu bu görüşün 2-ci hissəsində meydana daxil olub. Yassin Benzya milliyə 6 ildən sonrakı qayıdışını qolla qeyd edib. Belə ki, o, 79-cu dəqiqədə komandasının 2-ci qolunu vurub.

Xatırladaq ki, Benzya sonuncu dəfə 2018-ci ilin noyabrında Əlcəzair yığmasına çağırılmışdı. Onun uzun fasilədən sonra qayıtdığı yığmada 2 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmasında “Qarabağ”dakı uğurlu çıxışının da böyük təsiri var.

Yassin Benzya 2023-cü ilin yanvar ayından “Qarabağ”da forma geyinir. Hücumameyilli yarımmüdafiəçi indiyə qədər Ağdam klubunun heyətində 46 oyuna çıxıb, 13 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. Yassinin Azərbaycan çempionu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, karyerası ərzində “Lill”, “Olimpik” (Lion), “Dijon”, “Fənərbaxça”, “Hatayspor”, “Olimpiakos” kimi klublarda da forma geyinib.

29 yaşlı yarımmüdafiəçi 2016-cı ilin mart ayında debüt etdiyi Əlcəzair yığmasında da 7 oyunda 4 qol vurub.