Yassin Benzya yayda “Qarabağ”dan ayrıla bilər

Bu ilin yanvar ayında “Qarabağ”a transfer olunan əlcəzairli yarımmüdafiəçi Yassin Benzya yayda Ağdam klubunu tərk edə bilər. Arena.az-ın əldə etdiyi məlumata görə, bunun səbəbi futbolçunun ona bəslənilən ümidləri doğrulda bilməməsidir.

Belə ki, 28 yaşlı oyunçu qışdan bəri Ağdam təmsilçisində cəmi 5 matça çıxıb. Premyer Liqada 3, Avropa Konfrans Liqasında 2 oyun keçirən futbolçu heç bir məhsuldar göstərici ilə diqqət mərkəzinə düşməyib.

Bu azmış kimi, yarımmüdafiəçi tez-tez zədələnir. İlk dəfə fevralda zədələnən və təxminən bir ay komandaya kömək edə bilməyən futbolçu bir neçə gün öncə yenə sıradan çıxıb. Klubdan verilən məlumata görə, əlcəzairli oyunçu yenə 15-20 gün müalicə alacaq və böyük ehtimalla bu mövsüm bir daha meydana çıxmayacaq. Bu isə Benzya üçün cari mövsümün erkən bitməsindən xəbər verir.

Bütün bunlar “Qarabağ” rəhbərliyinin Benzya ilə bağlı fikrini dəyişdirib. Klub yayda Əlcəzair milli komandasının üzvü ilə vidalaşmağı düşünür. Amma onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu üzdən də Ağdam təmsilçisi onu göndərmək istəsə, təzminat ödəməli olacaq. Lakin futbolçu özü getməkdə maraqlı olsa və təzminat tələb etməsə, “Qarabağ” buna ikiəlli razı olacaq.

Xatırladaq ki, əslən Əlcəzairdən olsa da, Fransada dünyaya göz açan Yassin Benzya peşəkar karyerasına Lion “Olimpik”ində başlayıb – 54 oyun, 6 qol və 3 məhsuldar ötürmə. O, daha sonra “Lill” (93 oyun, 11 qol və 11 məhsuldar ötürmə), “Fənərbaxça” (20 oyun, 2 məhsuldar ötürmə), “Olimpiakos” (9 oyun), “Dijon” (29 oyun, 6 qol və 2 məhsuldar ötürmə), “Hatayspor” (12 oyun, 2 qol və 1 məhsuldar ötürmə) kimi klublarda da oynayıb. Yarımmüdafiəçi Fransanın U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2016-cı ildə isə Əlcəzairin əsas millisində debüt matçına çıxıb. O, yığma komandada cəmi 4 oyun keçirib və 1 qol vurub.