“Sevilya”nın və Mərakeş yığmasının qapıçısı Yasin Bono Avropa Liqası finalının ən yaxşı oyunçusuna verilən “Hankook” mükafatına sahib olub.
Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu qurumun texniki müşahidəçiləri 32 yaşlı qapıçının 11 metrlik zərbələr seriyasında etdiyi qurtarışların həlledici olduğunu qeyd ediblər.
Mərakeşli qapıçı, Canluka Mançini və Rocer İbanyezin zərbələrini dəf edərək yalnız Brayan Kristantenin zərbəsi önündə aciz qalıb.
Yassin Bono 2019/2020 mövsümündə də “Sevilya”nın heyətində Avropa Liqasını qazanaraq turnirin rəmzi komandasında yer almışdı.
Xatırladaq ki, “Sevilya” əsas və əlavə vaxt 1:1 hesablı bərabərliklə başa çatdıqdan sonra, penaltilər seriyasında “Roma”nı 4:1 hesabı ilə məğlub edərək yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” buna qədər iştirak etdiyi bütün finallardan qələbə ilə ayrılıb.
Yeri gəlmişkən, “Sevilya” ilə “Roma” arasında keçirilən final matçından sonra Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Bunlar “Sevilya”dan Yassin Bono ilə İvan Rakitiç, “Roma”dan isə Kris Smollinq və Paulo Dibaladır. Qalib qurumun saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyən olunacaq.