Ötənlərin məşhur alman qapıçısı Yens Lemann sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılaraq həbs edilib.
Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “Arsenal”ın və Almaniya yığmasının keçmiş qapıçısı Oktoberfestdən sonra polis tərəfindən saxlanılıb. Sükan arxasına əyləşməmişdən əvvəl, festival zamanı Lemann bir neçə iri şüşə pivə “gillədib”.
“Cənab Lemann qeyri-adi sürücülük davranışına görə 23 Sentyabr 2024-cü il tarixində saat 1:30 radələrində polis yoxlamasından keçirilib. İddialara görə, polis məmurları spirtli içkinin fərqli qoxusunu və təhlükəli sürücülük davranışını müşahidə ediblər. Alkotester müayinəsi “istifadə edilə bilən” nəticələr verməyib, bundan sonra qan müayinəsi təyin edilib və sürücülük vəsiqəsi müsadirə edilib. Təhqiqatımız hələ tamamlanmayıb. Sərxoş halda sürücülüklə bağlı şübhələr hələ də qalmaqdadır”, – nəşr baş prokuror Anne Leydinqdən sitat gətirib.
Nəzərinizə çatdıraq ki, bu, Lemanın həbslə nəticələnmiş ilk hoqqası deyil. Əvvəllər, keçmiş qapıçı qonşusunun qarajının damına dırmaşıb videomüşahidə sisteminin naqillərini və dayaq tirini mişarla doğradığı üçün 10 ay müddətinə həbs cəzasına məhkum edilmişdi.
Yens Lemann peşəkar futbolçu karyerası ərzində “Şalke”, “Milan”, Dortmund “Borussiya”sı, “Arsenal” və “Ştutqart”ın qapılarını qoruyub. 54 yaşlı mütəxəssis “Arsenal”, “Auqsburq” və “Herta”da məşqçi köməkçisi kimi də fəaliyyət göstərib. O, Almaniya milli komandasında da 61 oyun keçirib. Lemann “Arsenal”, “Borussiya” (Dortmund), “Milan” və “Şalke” ilə müxtəlif titullara da sahib çıxıb.