Yeqor Xvalko Belarus millisinə dəvət aldı: İlk dəfə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in müdafiəçisi Yeqor Xvalko Belarus milli komandasına dəvət alıb. Arena.az xəbər verir ki, 26 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasında oynamaq imkanı əldə edib.

Belə ki, Belarus yığmasının iyun ayında AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunlar üçün ilkin heyəti açıqlanıb. Baş məşqçi Georgi Kondratyev ilkin heyətə 33 futbolçunun adını daxil edib. Dəvət edilənlər arasında “Kəpəz”in müdafiəçisi Xvalko da var.

Belarus yığması iyunun 10-da təlim-məşq toplanışına başlayacaq. Hazırlığın gedişində yekun “23-lük” müəyyənləşəcək. Xvalkonun da taleyinə məhz həmin hazırlıq dövründə aydınlıq gələcək.

Belarus milli komandası AÇ-2024-ün seçmə mərhələsində İ qrupunda mübarizə aparır. Belaruslular iyunun 16-da İsrail, 19-da isə Kosovo ilə qarşılaşacaqlar. FIFA-nın sanksiyası səbəbindən Georgi Kondratyevin kollektivi hər iki ev matçını Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirəcək.

Xatırladaq ki, Yeqor Xvalko 2022-ci ilin iyul ayından “Kəpəz”də çıxış edir. O, bu mövsüm Gəncə təmsilçisinin heyətində 30 oyuna çıxıb, 2 qol da vurub. Mərkəz müdafiəçisi daha öncə ölkəsində “Arsenal” (Dzerjinsk), “Neman” (Qrodno), “Dnyapro” (Mogilev) və “Lida” klublarında da forma geyinib. Xvalko Belarusun U-18, U-19 və U-21 yığmalarında da oynayıb.