Yerri Mina “Fiorentina”nı “Kalyari”yə dəyişdi

Kolumbiya millisinin mərkəz müdafiəçisi Yerri Mina “Fiorentina”dan ayrılaraq İtaliyanın digər klubu “Kalyari”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Florensiya təmsilçisindən azad agent kimi ayrılmış 29 yaşlı futbolçu yeni klubu ilə 6 ay + 1 illik müqavilə bağlayıb.

Yerri Mina “Deportivo Pasto”nun (Kolumbiya) yetirməsidir. O, “Santa Fe”, “Palmeyras”, “Barselona” və “Everton”da da forma geyinib. 2023-cü ilin avqustunda “Fiorentina”ya keçmiş müdafiəçi bu komandada cəmi 7 matça çıxıb,1 məhsuldar ötürmə edib. O, daha çox oyun şansı qazanmaq üçün “Fiorentina”nı A Seriyasının digər klubuna dəyişib.

Mina 2016-cı ildə debüt etdiyi Kolumbiya millisində 43 oyun keçirib, 7 qol vurub.

“Kalyari” “Napoli”nin hücumameyilli yarımmüdafiəçisi Canluka Qaetanonu da heyətinə qatıb. 23 yaşlı italyan futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Napoli”nin yetirməsi doğma klubunun əsas komandasında 31 oyun keçirib, 2 qol vurub, 2 assist verib. O, daha öncə “Kremoneze”də də icarədə olub. Qaetano İtaliyanın U-21 millisi də daxil olmaqla müxtəlif yığmalarında oynayıb, amma əsas millidə debüt şansı qazanmayıb.

“Kalyari” üç futbolçusu ilə də yollarını ayırıb. 27 yaşlı italiyalı mərkəz müdafiəçisi Elio Kapradossi azad agent kimi “Lekko”ya keçib və yeni klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb. “Kalyari”də 17 oyuna 1 assistlə yadda qalmış Kapradossi, “Spetsiya”, “Bari”, SPAL və “Roma”da da oynayıb, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib.

“Kalyari” digər mərkəz müdafiəçisi Edoardo Qoldaniqanı isə 380 min avro qarşılığında “Komo”ya satıb. 30 yaşlı italyan futbolçu yeni klubu ilə 2,5 + 1 illik müqavilə bağlayıb. “Kalyari”də 49 oyun keçirmiş Qoldaniqa karyerası ərzində “Palermo”, “Cenoa”, “Peruca”, “Piza”, “Frozinone” kimi klublarda, İtaliyanın U-20 və U-21 yığmalarında oynayıb.

“Kalyari” hücumameyilli yarımmüdafiəçisi Qaston Pereyronu da bu mövsümün sonuna kimi “Ternana”ya icarəyə verib. Uruqvaylı futbolçu “Kalyari”də 71 oyuna 9 qol vurub, 4 assist edib. 28 yaşlı futbolçu PSV və “Nasional”da da çıxış edib, Uruqvay millisində 13 oyuna 5 qol vurub.