“Ayntraxt”ın danimarkalı hücumameylli yarımmüdafiəçisi Yesper Lindström İtaliya çempionu “Napoli”yə keçib.
Arena.az bu barədə Neapol klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
“Napoli” danimarkalı yarımmüdafiəçinin transferi üçün almanlara 30 milyon avro ödəyəcək. “Napoli” ilə futbolçu arasında müqavilə isə 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Yesper Lindström karyerasının “Ayntraxt” dönəmi ərzində Frankfurt təmsilçisinin heyətində 80 oyuna çıxıb. O, bu oyunlarda 14 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Daha öncə “Bröndbü”də də forma geyinmiş 23 yaşlı vinger 2020-ci ilin noyabr ayında debüt etdiyi Danimarka yığmasının heyətində 10 oyuna çıxıb, 1 qol vurub.
“Napoli” “Bari”nin hücumçusu Valid Şeddiranı da transfer edib. Mərakeşli futbolçunun transferi üçün 7 milyon avro ödənilib. 5 illik müqaviləyə imza atan 25 yaşlı forvard dərhal “Frozinone”yə icarəyə göndərilib. O, bu mövsümün sonuna kimi icarədə olacaq.
Şeddira 2021-ci ildən formasını geyindiyi “Bari”də 75 oyuna 28 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, “Mantova”, “Aretso”, “Lekko”, “Parma”, “Sanjustes”, “Loreto” kimi klublarda da çıxış edib, Mərakeş yığmasında 5 oyun keçirib.
“Napoli” yarımmüdafiəçisi Maykl Folorunşonu da “Verona”ya icarəyə verib. 25 yaşlı italiyalı futbolçu mövsümün sonuna kimi icarədə olacaq. 2019-cu ildən Neapol klubunda olan Folorunşo bu komandada debüt şansı qazanmasa da, “Virtus Françavilla”, “Bari”, “Recina”, “Pordenone” kimi klubların formasını geyinib.
Suat Serdar və Federiko Bonatsoli də “Verona”da
“Verona” Folorunşodan başqa daha iki futbolçu ilə güclənib. A Seriyası təmsilçisi “Herta”nın dayaq yarımmüdafiəçisi Suat Serdarla “Salernitana”nın hücumçusu Federiko Bonatsolini də icarəyə götürüb. Onlar da mövsümün sonuna kimi icarədə olacaqlar.
Suat 2021-ci ildən “Herta”nın uğurları üçün çalışır. Türkəsilli alman futbolçu “Maynts” və “Şalke”də də oynayıb, Almaniya yığmasında 4 oyun keçirib. Bonatsoli isə 2021-ci ildən “Salernitana”nın formasını geyinirdi. “İnter”, “Sampdoriya”, “Lansano”, “Breşiya”, SPAL, “Padova”, “Torino” kimi klublarda da oynamış 26 yaşlı forvard İtaliyanın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinib.
“Verona”nın 37 yaşlı yarımmüdafiəçisi Migel Velozo isə “Verona”dan ayrılaraq “Piza”ya keçib. 37 yaşlı portuqal futbolçu yeni klubu ilə 1 illik anlaşıb. O, 2019-cu ildən “Verona”da çıxış edirdi. Təcrübəli oyunçu “Sportinq”, “Olivais”, “Cenoa”, “Dinamo” (Kiyev) kimi klubların da uğurları üçün çalışıb, Portuqaliya yığmasında 56 oyuna 3 qol vurub.