Fransanın “Nant” klubu heyətini iki yeni futbolçu – dayaq yarımmüdafiəçisi Yohann Lepenant və sağ vinger Sorba Tomasla gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Lepenant Lion “Olimpik”indən, Tomas isə “Haddersfild”dən “Nant”a keçib. Fransa klubu onların hər ikisini cari mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
Yohann Lepenant Fransanın “Kan” klubunun yetirməsidir. 21 yaşlı futbolçu Lion “Olimpik”inə 2022-ci ilin yayında 4,25 milyon avro müqabilində keçib. O, bu klubun əsas komandasında 40 oyuna 1 qol və 2 assistlə yadda qalıb.
Lepenant Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarda, həmçinin Olimpiya millisində forma geyinsə də, əsas milli komandada debüt şansı qazanmayıb.
Sorba Tomas isə “Vest Hem” və “Borem Vud” klublarının yetirməsidir. 2021-ci ildən “Haddersfild”də çıxış edən uelsli yarımmüdafiəçi bu klubun əsas komandasında 125 oyun keçirib, 7 qol və 31 assistlə yadda qalıb. Ötən mövsüm o, “Bləkbörn”də də icarədə olub.
2021-ci ilin oktyabr ayında Uels yığmasında debüt etmiş Sorba Tomas, keçirdiyi 8 oyunda məhsuldarlıq nümayiş etdirə bilməyib.
“Nant” iki futbolçusu ilə də yollarını ayırıb. Mərkəz yarımmüdafiəçi Mussa Sissoko azad agent kimi İngiltərənin “Uotford” klubuna keçib. Əslən Malidən olan 35 yaşlı fransalı futbolçu yeni klubu ilə 2 illik anlaşıb. O, “Nant”ın heyətində 72 oyuna 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
“Tuluza”, “Tottenhem”, “Nyukasl” kimi klublarda oynamış Mussa Sissoko, daha öncə də “Uotford”un formasını geyinib. O, Fransa milli komandasının heyətində 71 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
20 yaşlı vinger Streder Appua isə İtaliyanın “Palermo” klubuna satılıb. “Nant” yetirməsinin satışından 1,5 milyon avro qazanıb. Əslən Qanadan olan fransalı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb.
Appua “Nant”ın əsas komandasında fərqlənə bilmədiyi 9 oyun keçirib. O, Fransanın U-20 yığmasına da dəvət alır.