Niderlandın PSV klubunun sol cinah vingeri Yorbe Vertessen bundan sonra “Union Berlin”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Almaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
23 yaşlı belçikalı futbolçunun transferi Bundesliqa klubuna 4,75 milyon avroya başa gəlib. Onunla müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Yorbe Vertessen PSV-nin öz yetirməsidir. O, Eyndhoven klubunun əsas komandasında 102 oyuna 18 qol vurub, 10 assist edib. Bu mövsümün əvvəlində Vertessen Belçikanın “Yunion” klubu tərəfindən icarəyə götürülmüşdü. Lakin “Union Berlin”in gözlənilməz təklifi onun Belçika klubundakı bir illik icarəsini də yarımçıq qoyub.
Vertessen Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
Vertesseni transfer etmiş “Union Berlin” öz hücumçusu Kevin Behrensi də 2 milyon avro müqabilində Bundesliqanın digər təmsilçisi “Volfsburq”a satıb. 33 yaşlı alman forvardın yeni klubu ilə müqaviləsinin müddəti açıqlanmır.
Kevin Behrens 2021-ci ildən formasını geyindiyi “Union Berlin”də 105 oyuna 20 qol vurub, 8 assistlə yadda qalıb. O, “Sandhauzen”, “Saarbrüken”, “Alemmaniya”, “Vilhelmsaven”, “Rot Vays Essen” kimi klublarda da oynayıb, Almaniya yığmasında 1 oyun keçirib.
“Volfsburq” sol cinah müdafiəçisi Nikolas Kossanı da bu mövsümün sonuna kimi Fransanın “Nant” klubuna icarəyə verib. 25 yaşlı fransalı futbolçu Almaniya klubunun heyətində 13 oyun keçirib. O, daha öncə ölkəsində “Monpelye”nin formasını geyinib, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
“Nant” da iki futbolçusunu icarəyə verib. Sağ cinah müdafiəçisi Fabyen Santonz “Verona”ya, dayaq yarımmüdafiəçisi Lamine Diak “Kolorado”ya keçib. İtaliya klubu Santonzu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürüb. ABŞ klubu da Diakı 2024-cü ilin 31 dekabrına kimi satınalma şərti ilə heyətinə qatıb.