İtaliyanın “Fiorentina” klubunun iki futbolçusu – Yosip Brekalo və Antonin Barak Türkiyə təmsilçisi “Kasımpaşa”ya keçiblər.
Arena.az bu barədə Super Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
Sol cinah vingeri olan Brekalo tamhüquqlu əsasla keçdiyi “Kasımpaşa” ilə 1 illik (2025-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. 26 yaşlı xorvatiyalı futbolçunun transfer detalları açıqlanmır.
Yosip Brekalo Zaqreb “Dinamo”sunun yetirməsidir. “Volfsburq”, “Ştutqart”, “Torino”, “Hayduk” (Split) kimi klubların da formasını geyinmiş vinger, 2023-cü ildə cəlb olunduğu “Fiorentina”da 29 oyuna çıxıb, 1 qol vurub. Brekalo Xorvatiya yığmasında 35 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
“Kasımpaşa” Antonin Barakı isə bu mövsümün sonunadək icarəyə götürüb. Çexiyalı hücumameyilli yarımmüdafiəçinin transfer hüquqlarının satın alınmasına dair şərt nəzərdə tutulmayıb.
29 yaşlı futbolçu “Pribram”ın yetirməsidir. “Vlaşim”, “Slaviya” (Praqa), “Udineze”, “Leççe”, “Verona” kimi klublarda da oynamış Barak, 2022-ci ildən çıxış etdiyi “Fiorentina”da 81 oyuna çıxıb, 13 qol və 4 assist müəllifi olub. Yarımmüdafiəçi Çexiya yığmasında 44 oyuna 11 qol vurub, 4 assist edib.
Super Liqa təmsilçisində daha 4 yeni futbolçu
“Kasımpaşa” Fransanın “Amyen” klubunun mərkəz müdafiəçisi Nikolas Opokunu da heyətinə qatıb. Azad agent statusuna malik qanalı 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Opoku “Berekum Çelsi”, “Klub Afrikan”, “Udineze” kimi klublarda da çıxış edib. O, 2020-ci ildən formasını geyindiyi “Amyen”də 102 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi Qana yığmasında da 17 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.
İsveçrənin “Luqano” klubunun sağ cinah müdafiəçisi Con Espinosa da bundan sonra “Kasımpaşa”da çıxış edəcək. 25 yaşlı ekvadorlu futbolçu yeni klubuna azad agent kimi keçib və 2 illik müqaviləyə imza atıb.
Karyerası ərzində “Deportivo” (Kuenka), “Aukas”, “Çikaqo Fayr” kimi klublarda çıxış etmiş Espinosa 2023-cü ilin yanvar ayından “Luqano”da forma geyinirdi. O, İsveçrə təmsilçisinin heyətində 65 oyun keçirib, 2 qol və 8 assistlə yadda qalıb. Espinosa Ekvador yığmasında da 2 oyun keçirib.
Bu yay İngiltərənin “Roterem Yunayted” klubundan azad agent kimi ayrılmış portuqaliyalı mərkəz yarımmüdafiəçisi Karlos Migel Ribeyro Dias (Kafu) da “Kasımpaşa”ya keçib. 31 yaşlı futbolçu Türkiyə klubu ilə 2 illik müqaviləyə imza atıb.
Peşəkar karyerasına “Benfika”da başlamış Kafu, “Vitoriya” (Gimaraynş), “Loryan”, “Mets”, “Legiya” (Varşava), “Olimpiakos”, “Nottingem Forest” kimi klublarda da forma geyinib. O, ötən mövsümün əvvəlindən çıxış etdiyi “Roterem Yunayted”də 34 oyuna 2 qol və 4 assistlə yadda qalıb. Yarımmüdafiəçi Portuqaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.
“Kasımpaşa” “Adana Dəmirspor”un sabiq sol cinah müdafiəçisi Kevin Rodriqesi də heyətinə qatıb. Bu yay Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubundan azad agent kimi ayrılan 30 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
Kevin Rodriqes “Əl-Kadisiya”ya bu ilin əvvəlində “Adana Dəmirspor”dan keçsə də, ərəb klubunda cəmi 15 oyuna çıxıb, 2 assistlə yadda qalıb. O, “Real Sosyedad”, “Leqanes”, “Eybar”, “Rayo Valyekano”, “Dijon” və “Tuluza” kimi klublarda da oynayıb. Rodriqes Portuqaliya yığmasında da 3 oyun keçirib.