Yosip Stanişiç “Bayern”lə yeni müqavilə imzaladı

Almaniyanın “Bayern” klubunun mərkəz müdafiəçisi Yosip Stanişiç Bundesliqa nəhəngi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı futbolçu ilə müddəti 2029-cu ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Stanişiçin Münhen təmsilçisi ilə əvvəlki müqaviləsi 2025-ci ilədək idi.

Yosip Stanişiç “Bayern”in öz yetirməsidir. Xorvatiyadan olan futbolçu Münhen klubunun əsas komandasında 41 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Stanişiç ötən mövsümü icarə əsasında Leverkuzen “Bayer”ində keçirib. O, bu komandanın heyətində 38 oyuna 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Xorvatiyalı futbolçu həm də ölkəsinin əsas milli komandasının üzvüdür. O, yığmada 20 oyuna çıxıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı müdafiəçinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.