Yosip Yuranoviç “Seltik”i “Union Berlin”ə dəyişdi

Futbol üzrə Xorvatiya milli komandasının sağ cinah müdafiəçisi Yosip Yuranoviç Şotlandiyanın “Seltik” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniyanın “Union Berlin” klubuna transfer olunub.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Almaniya klubu bu transferə görə “Seltik”ə 8.55 milyon avro ödəyib. Müdafiəçi yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa kimi müqavilə bağlayıb.

Yosip Yuranoviç peşəkar karyerasına “Dubrava”da başlayıb. Split “Hayduk”u və Polşanın “Legiya” (Varşava) komandalarında da oynamış futbolçu, 2021-ci ilin avqustundan Şotlandiyada legioner həyatı yaşayırdı. O, “Seltik”in heyətində meydana çıxdığı 53 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Yuranoviç Xorvatiya yığmasında da 27 oyun keçirib.