Almaniyanın “Leypsiq” klubu müdafiəçisi Yoşko Qvardiol ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
20 yaşlı oyunçu yeni müqaviləyə əsasən 2027-ci ilin yayına kimi bu komandada oynamağa davam edəcək. Onun əvvəlki sözləşməsi 2026-cı ilin yayına kimi idi. Gənc futbolçunun yeni müqaviləyə görə maaşı da ciddi şəkildə artıb.
Yoşko Qvardiol 2021-ci ilin yayında Zaqreb “Dinamo”sundan 18.8 milyon avro qarşılığında Almaniya klubuna keçib. Xorvatiyalı futbolçu müdafiənin həm mərkəzində, həm də solunda oynamağı bacarır. O, bu mövsüm Bundesliqada 4 oyun keçirib və qol vurmayıb. Bütövlükdə isə o, bu komanda 51 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Qvardiol Xorvatiya yığmasında da 10 oyunk keçirib, 1 qol vurub.
“Leypsiq” gənc müdafiəçisi Solomon Bonna ilə yarımmüdafiəçi Yoşa Voşu isə satıb. Bonna bundan sonrakı karyerasını Avstriyanın “Austriya” (Klaqenfurt), Voş isə Almaniyanın “Verl” klubunda davam etdirəcək. Bu transferlərin detalları açıqlanmayıb. Sağ cinah müdafiəçisi olan 19 yaşlı Bonna yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Yarımmüdafiəçi olan 20 yaşlı Voş isə yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Almaniyalı futbolçu ötən mövsüm “Halleşer”ə icarəyə verilmişdi. “Leypsiq”in öz yetirməsi olan futbolçu klubun əsas komandasında 4 matça çıxıb.
Bonna isə “Leypsiq”ə 2019-cu ildə “Ayaks”dan cəlb olunmuşdu. Niderlandlı futbolçu Almaniya klubunun əsas komandasında da 3 oyuna çıxıb.