Yozua Kimmix “Bayern”dəki gələcəyi ilə bağlı sualı cavabladı

“Bayern”in alman dayaq yarımmüdafiəçisi Yozua Kimmix Münhen klubundakı gələcəyi ilə bağlı sualı cavablanyıb.

Arena.az xatırladır ki, Kimmixin Münhen klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

“Hamı mənim vəziyyətimdən xəbərdardır. Bu, mənim üçün çox vacib qərardır. Mən “Bayern”də nəyə sahib olduğumu bilirəm. Ailəm Münhendə özünü çox rahat hiss edir. Digər tərəfdən, sənin də müəyyən bir karyera planın var. Nə istədiyini və hara getmək istədiyini ölçüb-biçməlisən”, – “Bild” nəşri Kimmixdən sitat gətirir.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Kimmix “Bayern”lə müqaviləsinin müddətini 2025-ci ilin iyun ayının sonuna qədər uzatmağa razılaşıb. Tərəflər arasında cari müqavilənin yenilənməsi üzrə danışıqlar davam etdirilir.

Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro məbləğ müqabilində “Ştutqart”dan keçib.

Kimmix cari mövsümdə münhenlilərin heyətində 23 oyuna çıxıb, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Kimmixin “Bayern”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 413 oyun, 42 qol, 109 məhsuldar ötürmə.

Yozua Kimmix hazırda kapitanı olduğu, 2016-cı ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 97 oyuna 7 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017-ci il FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.

Kimmix “Bayern”in heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı alman futbolçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Kimmix bir çox aparıcı Avropa klublarının, xüsusilə “Barselona”nın maraq dairəsindədir.

Xəbəri istədiklərinizlə paylaşın