“Bayern”in futbolçusu Yozua Kimmix qələbə qolunu vurduğu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab oyunundan danışıb.
Arena.az xatırladır ki, Londonda keçirilmiş ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Bayern”, Münhendə Kimmixin vurduğu bu qol sayəsində yarışın yarımfinalına vəsiqə qazanıb:
“Bu, karyeramın ən vacib qolu idi. Özümü çox yaxşı hiss edirəm. Bu il çox tənqidlərə dözməli oldum və çox az dəstək aldım. Bununla belə, bu, zəhmətin həmişə bəhrəsini verdiyini göstərir.
Klubdan dəstək? Ümumiyyətlə, bəli. Hamı mənimlə şəxsən danışırdı”, deyə Kimmix məmnunluqla bildirib.
Xatırladaq ki, Yozua Kimmix “Bayern”ə 2015-ci ilin iyulunda 8,5 milyon avro müqabilində “Ştutqart”dan keçib. Onun Münhen klubu ilə müqaviləsi 2025-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kimmix münhenlilərin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 2 qol vurub, 9 məhsuldar ötürmə verib. Kimmixin “Bayern”in heyətində ümumi statistikası isə belədir: 383 oyun, 42 qol, 103 məhsuldar ötürmə.
Kimmix Almaniya nəhənginin heyətində 8 dəfə Almaniya Bundesliqasının, 3 dəfə Almaniya Kubokunun, 6 dəfə Almaniya Super Kubokunun və hərəsi 1 dəfə olmaqla UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Yozua Kimmix 2016-cı ilin mayında debüt etdiyi Almaniya yığmasının heyətində 84 oyuna 6 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Kimmix bundestimlə 2017 FIFA Konfederasiyalar Kubokunu qazanıb. Həmçinin Yozua Almaniyanın U-19 yığması ilə Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.