Yüksək Liqa: “Azərreyl” “Abşeron”a uduzdu, “Neftçi”yə qalib gəldi

Voleybol üzrə həm qadınlar, həm də kişilər arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 15-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq, meydana qadınlardan ibarət “Azərreyl” və “Abşeron” komandaları çıxıblar.

İlk setdən təşəbbüsə yiyələnən “Abşeron” 3:0 hesabı ilə qələbə qazanıb.

Qadın voleybolçuların növbəti oyunu isə Gəncədə baş tutub. Bu matçda “Murov”u qəbul edən meydan sahibi “Gəncə” 3:0 hesabı ilə qalib gəlib.

Kişilərin mübarizəsində isə “Azərreyl” və “Neftçi” komandaları üz-üzə gəliblər. Bu qarşılaşmadan “Azərreyl” 3:0 hesablı qələbə ilə ayrılıb.

Hazırda qadınların yarışında turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Abşeron” 33 xalla (11 qələbə) 2-ci, “Murov” 32 xalla (11 qələbə) 3-cü, “Gəncə” 21 xalla (7 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Kişilərin turnir cədvəlində isə “Azərreyl” 30 xalla (10 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov”un 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
15-ci tur
28 fevral

Qadınlar
“Azərreyl” – “Abşeron” 0:3 (16:25, 22:25, 24:26)
“Gəncə” – “Murov” 3:0 (25:10, 25:16, 25:23)

Kişilər
“Azərreyl” – “Neftçi” 3:0 (25:19, 25:19, 25:22)