Yüksək Liqa: “Azərreyl” çempionluğa daha da yaxınlaşdı

Qadın voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) final mərhələsinin növbəti oyunları baş tutub. Arena.az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Mərkəzində əvvəlcə “Abşeron” və “Azərreyl” komandaları üz-üzə gəliblər.

Çempionluq üçün yarışan bu komandaların birinci matçında qələbə qazanan “Azərreyl” bu oyuna da yaxşı başlayıb. Sözügedən komanda ilk seti 25:19 hesabı ilə öz xeyrinə yekunlaşdırıb. Üstünlüyünü sonadək davam etdirən Eldar Yusubovun komandası növbəti hissələrdə 25:20 və 25:22 hesabları ilə qalib gələrək qızıl medala bir qədər də yaxınlaşıb.

Növbəti oyun bürünc medal uğrunda mübarizə aparan UNEC və “Murov” arasında olub. Görüş cütün ilk matçında qələbə qazanmış “Murov”un üstünlüyü ilə keçib. 3 set davam edən matçda Vüqar Əliyevin yetirmələri rəqibi quru hesabla 3:0 (25:11, 25:14, 25:9) məğlub ediblər. Beləliklə, “Murov” da üçüncülük yolunda ümumi hesabı 2:0 edib.

Yüksək Liqa (qadınlar)
14 aprel

Finalın ikinci oyunu
“Abşeron” – “Azərreyl” 0:3 (19:25, 20:25, 22:25)

Bürünc medal uğrunda ikinci oyun
UNEC – “Murov” 0:3 (11:25, 14:25, 9:25)

Xatırladaq ki, birinci oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı:

“Azərreyl” – “Abşeron” 3:0 (26:24, 25:22, 25:13)

“Murov” – UNEC 3:0 (25:14, 25:12, 25:16)

Xəbəri sosial şəbəkələrdə paylaş: