Bu gün qadınlar arasında keçirilən voleybol üzrə Azərbaycan çempionatının (Yüksək Liqa) final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, bu gün Azərbaycan Voleybol Mərkəzində Yüksək Liqanın bürünc və qızıl medalları uğrunda ilk oyunlar keçirilib.
Günün birinci matçı çempionluq üçün yarışan “Azərreyl” və “Abşeron” komandaları arasında olub. Görüş gərgin başlayıb. Uzatmaya qədər davam edən ilk setdə “Azərreyl” 26:24 hesabı ilə üstün olub. “Abşeron” ikinci hissədə çox çalışsa da, set yenə Eldar Yusubovun komandasının qələbəsi ilə yekunlaşıb – 25:22. Növbəti hissədə tam təşəbbüsə yiyələnən “Azərreyl” 25:13 hesabı ilə qalib gəlib. Beləliklə, çempionluq uğrunda ilk matçı “Azərreyl” 3:0 hesabı ilə öz xeyrinə yekunlaşdırıb.
Sonra meydana üçüncülük üçün mübarizə aparan “Murov” və UNEC kollektivləri çıxıblar. Bu qarşılaşma 3 hissə davam edib. Vüqar Əliyevin yetirmələri setlərdə müvafiq olaraq 25:14, 25:12 və 25:16 hesabları ilə qalib gələrək oyunu quru hesabla başa vurublar. Bununla da “Murov” bürünc medal uğrunda mübarizədə ilk qələbəsini qazanıb.
Qeyd edək ki, Yüksək Liqanın final mərhələsində komandalar üç qələbəyədək mübarizə aparırlar.
Yüksək Liqa (qadınlar)
12 aprel
Finalın birinci oyunu
“Azərreyl” – “Abşeron” 3:0 (26:24, 25:22, 25:13)
Bürünc medal uğrunda birinci oyun
“Murov” – UNEC 3:0 (25:14, 25:12, 25:16)


