Yüksək Liqa: “Azərreyl” “Murov”a da qalib gəldi

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa, qadınlar) 4-cü dövrəyə start verilib. Arena.az xəbər verir ki, 10-cu turun hər iki oyunu Voleybol Mərkəzində təşkil olunub.

Günün ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə “Azərreyl” qalib gəlib. İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib – 1:1. Üçüncü set isə “Azərreyl”in xeyrinə sona çatıb – 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırıb. Həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq qalib gəlib (15:10) və görüşün yekun hesabını rəsmiləşdirib – 3:2.

10-cu turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və turnir cədvəlində ikinci pilləyə yüksəlib.

Beləliklə, 10 turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
10-cu tur
2 mart

“Azərreyl” – “Murov” 3:2 (25:18, 23:25, 25:18, 22:25, 15:10)
“Abşeron” – UNEC 3:0 (25:21, 25:23, 25:10)