Yüksək Liqa: “Azərreyl” və “Abşeron” finalda!

Qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün finalçılar müəyyənləşiblər.

Arena.az xəbər verir ki, yarımfinalın ikinci oyunları bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub.

“Milli Aviasiya Akademiyası” “Azərreyl” ilə, “Abşeron” isə “Gəncə” komandası ilə qarşılaşıb. Günün ilk oyununda “Azərreyl” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb. Cütün ilk qarşılaşmasında “Azərreyl” 3:2 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və “qızıl set”ə ehtiyac yaranıb. Həlledici hissədə “Azərreyl” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Ardınca meydançaya “Gəncə” və “Abşeron” komandaları çıxıblar. İlk oyunda 3:1 hesabı ilə qalib gəlmiş “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları qarşılaşacaqlar. Finalda isə “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, final qarşılaşmaları aprelin 21-24-də keçiriləcək.

Yüksək Liqa
Yarımfinal (ikinci oyunlar)
17 aprel

“Azərreyl” – “Milli Aviasiya Akademiyası” 2:3 (21:25, 25:17, 25:22, 16:25, 10:15)
Qızıl set 15:11

“Gəncə” – “Abşeron” 0:3 (17:25, 16:25, 17:25)