Yüksək Liqa: “Azərreyl” və “Neftçi”dən çətin qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, günün ilk qarşılaşması “Azərreyl” və “Murov” komandaları arasında baş tutub.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan görüş “Murov”un üstünlüyü ilə başlayıb. Sözügedən komanda ilk hissədə 25:22 hesabı ilə qalib gəlib. Lakin bundan sonra təşəbbüsü ələ alaraq sonrakı setləri öz xeyrinə yekunlaşdıran “Azərreyl” yekunda 3:1 hesabı ilə qələbə qazanıb.

Günün digər oyunu isə “Murov” voleybol klubunun idman zalında keçirilib. MOİK və “Neftçi” komandalarının qarşılaşmasında da 3:1 hesabı qeydə alınıb. Görüşün qalibi Pərviz Səmədovun yetirmələri olublar.

Beləliklə, “Azərreyl” 24 xalla (8 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov”ın 18 xalı (7 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Yüksək Liqa
15 fevral

“Azərreyl” – “Murov” 3:1 (22:25, 25:19, 26:24, 25:21)
MOİK – “Neftçi” 1:3 (22:25, 25:23, 14:25, 17:25)