Yüksək Liqa: “Azərreyl” yenə “qızıl dubl”a imza atdı

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, final mərhələsinin ikinci oyunu çempion və gümüş mükafatçının adına aydınlıq gətirib.

Çempionluq uğrunda mübarizə aparan “Murov” “Azərreyl” ilə üz-üzə gəlib. Həlledici qarşılaşma Milli Gimnastika Arenasında baş tutub. İlk görüşdə “quru” hesabla qalib gəlmiş nominal qonaqlar bu dəfə də rəqibdən üstün olublar. İlk iki setdə qələbə qazanmaqla çempionluğu təmin edən “Azərreyl” matçdan da qalib ayrılıb – 3:1.

“Dəmiryolçular” bununla da ardıcıl ikinci dəfə ölkənin ən güclüsü olublar. 2023/2024-cü illər mövsümündə olduğu kimi, yenə həm kişilər, həm də qadınların mübarizəsində “Azərreyl” qızıl medala sahib çıxıb.

Final qarşılaşmasından sonra Yüksək Liqanın mükafatlandırma mərasimi keçirilib. Çıxış edən Avropa Voleybol Konfederasiyasının prezidenti Roko Sikiriç, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib və onlara uğurlar arzulayıblar.

Daha sonra AVF-nin vitse-prezidenti Bəhruz Quliyev çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” və mükafatları təqdim edib. Ardından qaliblərə kubok və medallar verilib. Çempiona kuboku Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, qalib komandalara medalları CEV rəhbəri Roko Sikiriç, AVF-nin prezidenti Şahin Bağırov və AVF-nin vitse-prezidenti Faiq Qarayev təqdim ediblər.

Beləliklə, kişi voleybolçuların Yüksək Liqasının qalibi “Azərreyl”ə qızıl medal və kubok, “Murov”a gümüş, “Xilasedici”yə isə bürünc medallar təqdim olunub.

Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib və Yüksək Liqada 2024/2025 illər mövsümü bağlı elan edilib.

Qeyd edək ki, “Neftçi” çempionatı dördüncü, MOİK beşinci, “Gənclər” isə altıncı yerdə başa vurublar.

Yüksək Liqa (kişilər)
Final, ikinci oyun

25 aprel

“Murov” – “Azərreyl” 1:3 (20:25, 22:25, 25:17, 17:25)
Milli Gimnastika Arenası.
İlk oyun – 0:3.