Yüksək Liqa: “Azərreyl”lər yarımfinala qələbə ilə başladılar

Bu gün qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında (Yüksək Liqa) pley-off mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində ilk olaraq meydançaya kişi komandaları çıxıblar.

İlkin mərhələnin lideri “Azərreyl” MOİK-lə üz-üzə gəlib. Oyun “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ardınca qadınların yarımfinalında “Azərreyl” və “Gəncə” komandaları qarşılaşıblar. Maraqlı mübarizədə keçən bu matçda ilkin mərhələnin lideri “Azərreyl”in 3:0 hesablı qələbəsi qeydə alınıb.

Beləliklə, “Azərreyl”in həm qadın, həm də kişi komandası yarımfinalda ilk qələbəsini qazanıb. Bu komandalar arasında ikinci oyun aprelin 17-də keçiriləcək.

Reqlamentə əsasən, yarımfinal mərhələsi iki qələbəyə qədər davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi “qızıl set”də müəyyənləşəcək.

Qeyd edək ki, digər yarımfinalçılar ilk oyunlarına sabah çıxacaqlar.

Yüksək Liqa
Yarımfinalın ilk oyunları
15 aprel

Kişilər
“Azərreyl” – MOİK 3:0 (25:15, 25:17, 25:12)

Qadınlar
“Azərreyl” – “Gəncə” 3:0 (25:19, 25:20, 25:20)