Yüksək Liqa: “Murov” çempion oldu, “Neftçi” “bürünc” qazandı

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının (Yüksək Liqa) 2022/2023-cü illər mövsümünün qalibi bəlli olub. Arena.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda oyun və finalın son matçı keçirilib.

İlk olaraq meydana bürünc medal üçün yarışan “Neftçi” və MOİK komandaları çıxıblar. Əvvəlki iki qarşılaşmada uduzan MOİK bu oyuna daha yaxşı başlayıb və ilk seti 25:21 hesabı ilə qalib başa vurub. Lakin komanda üstünlüyünü qoruya bilməyib və gərgin keçən növbəti setlərdə “Neftçi” qalib gəlib. Bununla da 3 qələbə qazanan “Neftçi” Yüksək Liqanın bürünc medalına sahib çıxıb.

Daha sonra çempionluq üçün yarışan “Murov” və “Xarı bülbül” komandaları meydana çıxıblar. Cütün ilk iki oyunu “Murov”un qələbəsi ilə yekunlaşmışdı. “Xarı bülbül” qızıl medal uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalı idi. Lakin təşəbbüsü əldən verməyən “Murov” 3:0 (25:16, 25:10, 25:16) hesabı ilə qalib gəlib.

Final mərhələsində üç qələbə qazanan “Murov” Azərbaycan çempionu adını qazanıb. “Xarı bülbül” gümüş, “Neftçi” bürünc medalla kifayətlənib. MOİK isə Yüksək Liqanı dördüncü pillədə başa vurub.

Final matçından sonra Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma və birinciliyin bağlanış mərasimi keçirilib.

Yüksək Liqa (kişilər)
20 aprel

Üçüncü yer uğrunda 3-cü oyun
“Neftçi” – MOİK 3:1 (21:25, 25:22, 25:15, 28:26)

Finalın 3-cü oyunu
“Xarı bülbül” – “Murov” 0:3 (16:25, 10:25, 16:25)

Əvvəlki oyunlarda qeydə alınan nəticələr isə belə olmuşdu:

1-ci oyunlar
“Xarı bülbül” – “Murov” 1:3 (25:20, 20:25, 19:25, 17:25)
“Neftçi” – MOİK 3:0 (25:19, 25:18, 26:24)

2-ci oyunlar
“Murov” – “Xarı bülbül” 3:0 (25:18, 25:18, 25:16)
MOİK – “Neftçi” 1:3 (25:16, 23:25, 17:25, 23:25)

Xəbəri sosial şəbəkələrdə paylaş: