Yüksək Liqa: “Murov” və “Azərreyl” 14-cü turu qalib başa vurdu

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2023/2024 mövsümünün növbəti oyunları baş tutub.

Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində həm qadın, həm də kişilərin Yüksək Liqası çərçivəsində qarşılaşmalar keçirilib.

İlk olaraq, meydana kişilərdən ibarət “Murov” və “Neftçi” klubları çıxıblar. Gərgin keçən görüşdə “Murov” 3:1 hesabı ilə qələbə qazanıb.

Günün növbəti matçı isə qadınlardan ibarət “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları arasında olub. Oyuna daha yaxşı başlayan “Azərreyl” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib.

Kişilərin turnir cədvəlinə “Azərreyl” 24 xalla (8 qələbə) liderlik edir. “Murov”un 21 xalı (8 qələbə), “Neftçi”nin 19 (6 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.

Qadınların yarışında da turnir cədvəlinə “Azərreyl” 36 xalla (12 qələbə) liderlik edir. “Murov” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Yüksək Liqa
21 fevral

Kişilər
“Murov” – “Neftçi” 3:1 (25:21, 27:25, 33:35, 31:29)

Qadınlar
“Milli Aviasiya Akademiyası” – “Azərreyl” 0:3 (21:25, 10:25, 12:25)