Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa, kişilər) 11-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun hər iki qarşılaşması Voleybol Mərkəzində təşkil olunub.
Turun ilk matçında lider “Murov”la MOİK komandaları üz-üzə gəliblər. Keçirdiyi bütün görüşlərdə qalib gələn “Murov” bu matçda da qələbəyə sevinib. Fərid Cəlalovun komandası rəqibini 3:0 hesabı ilə məğlub edib və aktivinə növbəti 3 xalı yazdırıb.
Turun sonuncu matçı isə “Xarı bülbül” və “Neftçi” komandaları arasında olub. Tay-brekə kimi davam edən qarşılaşmada ilk iki hissəni 25:23 və 25:23 hesabı ilə aktivinə yazan Pərviz Səmədovun komandası uğurlu çıxışını sonadək davam etdirə bilməyib. “Xarı bülbül” əzmkar oyun sayəsində növbəti 3 hissəni öz xeyrinə başa vuraraq meydandan qalib ayrılıb – 3:2.
Beləliklə, 11 turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 32 xalla turnir cədvəlində birincidir. 20 xala malik “Xarı bülbül” ikinci, 13 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Yüksək Liqa
11-ci tur
9 mart
“Murov” – MOİK 3:0 (25:16, 25:14, 25:16)
“Xarı bülbül” – “Neftçi” 3:2 (23:25, 23:25, 25:20, 25:16, 15:12)


