Bu gün futzal üzrə Azərbaycan çempionatlarının (Yüksək Liqa və Birinci Liqa) 2024/2025-ci illər mövsümünün püşkü atılıb.
Arena.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə əvvəlcə komandalara reqlament barədə məlumat verilib.
Yüksək Liqada 6 komanda iştirak edəcək ki, onlardan biri – “Şuşa” debütantdır. Digər 5 iştirakçı ötən mövsüm çempionatda gücünü sınayıb. Komandalar 4 dövrə mübarizə aparacaqlar. 20 turun yekununda ən çox xal toplayacaq kollektiv Azərbaycan çempionu olacaq və ölkəmizi UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümündə təmsil edəcək. İkinci və üçüncü pillənin sahibinə isə müvafiq olaraq gümüş və bürünc medallar, diplomlar təqdim olunacaq.
Birinci Liqada isə 12 komanda gücünü sınayacaq. Mübarizə bir dövrədən ibarət olacaq. 11 turdan sonra turnir cədvəlinin “ilk 4-lüy”ündə yer alan komandalar pley-off mərhələsinə yüksələcək. 1-ci yerin sahibi ilə 4-cü, 2-ci pilləni tutan komanda ilə 3-cü sırada yer alan kollektiv qarşılaşacaq. Bir oyunluq mübarizədə qalib gələn iştirakçılar finalda gücünü sınayacaq. Qələbə qazanan komanda Birinci Liqanın qalibi olacaq. Komandaya kubok, qızıl medallar və diplomlar veriləcək. Finalda uduzan komandaya gümüş, pley-off mərhələsinin matçında uduzan və 3-cü yer uğrunda görüşdə qələbə qazanan kollektivə isə bürünc medallar və diplomlar təqdim olunacaq.
Onu da qeyd edək ki, futzal üzrə Azərbaycan çempionatlarında yay “transfer pəncərəsi” oktyabrın 21-də, saat 23:59-da bağlanacaq.
Yüksək Liqa
1-ci tur
22 oktyabr
Baku Fire – Araz-Naxçıvan
Şuşa – Neftçi İK
U-19 – Yasamal Bakı
Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.
Birinci Liqa
1-ci tur
20 oktyabr
STAR kargo – Xan-Lənkəran
Delta – Djevo Dəyirman
Baku Fire-2 – Çarşı Bakı
Yeni Suraxanı – Ulduz
Dəstə Ordubad – Timsport
PFL – Metropoliten
Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.