Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman AÇ-2024-ə heyət seçimini şərh edib, bir sıra oyunçularla bağlı müəyyən məqamlara toxunub.
Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə xüsusi mətbuat konfransında danışıb:
“Bir məşqçi kimi ən yaxşı keyfiyyətlərə malik 26 futbolçu seçməyə çalışmalısan. Biz inanırıq ki, seçilmiş oyunçular özlərinə həvalə edilmiş rolları bacardıqları qədər yerinə yetirirlər. Bəzi hallarda cəsarətli qərarlar verdik. Mart ayında Almaniya yığmasındakı iş ab-havası milli komandada uzun müddət çalışan bir çox əməkdaş tərəfindən qiymətləndirilib. Onların rəylərinə görə, bu, son illərdə ən yaxşı iş mühiti idi. Buna görə də, martdakı heyətlə müqayisədə cəmi bir neçə dəyişiklik etdik. Biz çox şadıq ki, mart ayında qəbul edilmiş qərarların çoxu işə yaradı və biz yalnız kiçik düzəlişlər etməliyik”, deyə Nagelsman bildirib.
Alman mütəxəssis “Bayern”in veteran hücumçusu Tomas Mülleri AÇ-2024-ə yollanacaq heyətə cəlb etməsini də əsaslandırıb:
“Tomas əlaqələndirici həlqədir. Onun komandadakı bütün futbolçularla yaxşı əlaqəsi var. Amma bu o demək deyil ki, Müller sadəcə xoş xasiyyətli oğlandır. Yəqin ki, əvvəldən oynamayacaq, amma zamanla heyətə qoşulacaq”, deyə alman mütəxəssis vurğulayıb.
“Forma almağa ehtiyacı olan futbolçular yığmada mənə gərək deyillər”
Nagelsman həmçinin “Bayern”in mərkəz yarımmüdafiəçisi Leon Qoretska və Dortmund “Borussiya”sının veteran mərkəz müdafiəçisi Mats Hummelsi AÇ-2024-ə aparacağı heyətə nə üçün cəlb etmədiyini açıqlayıb:
“Onlarla uzun danışıqlar apardıq, onlar mənim qərarımdan məyus oldular, amma bu, başadüşüləndir. Günün sonunda baş məşqçi kimi komandanın mənafeyinə uyğun qərarlar verməliyəm. Onlar ərizəyə daxil olmaq üçün hər şeyi etdilər. Nə üçün alınmadıqlarını izah etməyə çalışdım. Onların əsəbləşməsi anlaşılandır. Söhbətimizin pis olduğunu deyə bilmərəm, amma əlbəttə ki, həyatda daha xoş söhbətlər olur”, deyə alman mütəxəssis müvafiq xüsusda təfərrüata varmaqda səthi mövqe tutmağa üstünlük verib.
Yulian Nagelsman həmçinin uzun fasilədən sonra bundestimin heyətinə qayıtmış, “Real”ın mərkəz yarımmüdafiəçisi Toni Kroosun fiziki hazırlığını dəyərləndirib:
“Siz Toni Kroosu qucaqlayanda o, polad kimi hiss edilir. O, istirahət etmək istəmir. Forma almağa ehtiyacı olan futbolçular yığmada mənə gərək deyillər. Belə uzun bir mövsümdən sonra yükü tənzimləyəcəyimizin qayğısına qalacağıq. Amma ümumilikdə Kroos əla formadadır”, deyə alman mütəxəssis razılıqla bildirib.
Baş məqşçi həmçinin AÇ-yə aparacağı heyətə cəlb etdiyi zədəli futbolçular – Florian Virts, Camal Musiala və Leroy Zanenin vəziyyətindən danışıb:
“Virts ilə bağlı ciddi narahatlıq yoxdur. Eyni məqam Camala da aiddir, amma o və Leroy bu həftəsonu oynamayacaqlar”.
Xatırladaq ki, iyunun 14-də start götürəcək AÇ-2024-ün oyunlarına iyulun 15-də yekun vurulacaq.
Almaniya yığmasının qrup mərhələsindəki rəqibləri İsveçrə, Şotlandiya və Macarıstan yığmaları olacaqlar.