Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman Almaniyanın ev sahibi olduğu AÇ-2024 başa çatdıqdan sonra gələcəyi ilə bağlı danışıb.
Arena.az “Bayern & Germany” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Mən bunu həll edə bilmirəm, əvvəlcə sənə iş təklif edən adam lazımdır (gülür). Hazırda imzalanmağa hazır təklifim yoxdur. Avropa çempionatından sonra bir il və ya altı aylıq fasilə mənim üçün söz mövzusu deyil – təklif gələnə qədərdir.
Mən özümü bir az susdurmağı və sonra qərar verməyi öyrəndim. Ümumiyyətlə, mən gənc məşqçiyəm, həm də işə ehtiyacı olan gəncəm. Bu, o deməkdir ki, qərarlar qəbul edilməlidir. Mən monarx olmaq istəmirəm, amma klubda da “əl tulası” olmaq istəmirəm. Ailəm də həll yolunun tapılmasında iştirak edir”, deyə Nagelsman vurğulayıb.
Yulian Nagelsman Almaniya yığmasını 2023-cü ilin sentyabrından çalışdırır. Alman mütəxəssisin bundestimlə müqaviləsi iyunun 14-dən iyulun 14-dək keçiriləcək 2024-cü il Avropa çempionatının sonuna qədər qüvvədədir.