Yulian Nagelsman millidəki gələcəyi ilə bağlı sualı cavabladı

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman “bundestim”in sükanı arxasında gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az “Sport1” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“İşləməyə başlayanda müəyyən bir inam yaranır. Biz Avropa çempionatını yaxşı keçirdik və futbol baxımından çoxuna nail olduq. 2026-cı ildən sonra əməkdaşlığa davam edib-etməyəcəyimizi hələ bilmirəm, amma bu mövqedə özümü çox rahat hiss edirəm”, deyə Nagelsman vurğulayıb.

Xatırladaq ki, Yulian Nagelsman Almaniya yığmasının sükanı arxasına 2023-cü ilin sentyabrında təyin edilib. Bu müddətdə gənc mütəxəssis “bundestim”i 16 oyuna çıxarıb, 9 qələbə sevinci yaşayıb, 4 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. Nagelsmanın rəhbərliyi altında Almaniya yığmasının top fərqi isə 33:17 nisbətindədir.

Almaniya Futbol İttifaqı Yulian Nagelsmanla müqavilənin müddətini uzatmaq istəyir. Bu barədə yığmanın idman direktoru Rudi Föller açıqlama verib:

“Biz Nagelsmanı inandırmağa çalışacağıq ki, o, daha bir neçə il komandada qalmalıdır”, – deyə funksioner bildirib.

Nagelsmanın hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Nagelsman karyerasının əvvəlində “Bayern”, “Leypsiq” və “Hoffenhaym”ı çalışdırıb.

Xəbəri istədiklərinizlə paylaşın