Yulian Nagelsman: “Möhtəşəm Avropa çempionatı keçirə biləcəyik”

Almaniya yığmasının baş məşqçisi, alman mütəxəssis Yulian Nagelsman bundestimin məşqlərdə gördüyü işlərdən danışıb.

Arena.az “Kicker” nəşrinə istinadən məlumat verir ki, gənc mütəxəssis həmçinin 2024-cü il Avropa çempionatında uğur qazanmağın yolları ilə bağlı fikirlərini paylaşıb:

“Komanda çox da əskik deyil, mən bunu məşqlərdə görürəm. Elə bir məşğələ olmayıb ki, məndə elə təəssürat yaransın ki, futbolçular göstərişlərə əməl etmək istəmirlər. Üstün komandalarda oynayan, üstünlüyü nümayiş etdirən çoxlu oyunçularımız var. Sonra da Almaniya millisinə gəlirlər. Sadəcə bir az fərqli statusdur. Sadəcə Almaniya olaraq sahib olduğumuz və bərpa edə biləcəyimiz öz simamızdan başqa, güclü tərəflərimizlə oyunlarda qalib gəlmək üçün mübarizə aparmalıyıq.

Amma bütün məsələ ondadır ki, bizdə düzgün status düşüncəsinə malik oyunçular var. “David Qoliafa qarşı” hekayələri futbolda tez-tez baş verir. Zehniyyət isə çox vaxt keyfiyyətdən üstün gəlir – meydanda düzgün kombinasiya tapmaq vacibdir. Bütün bunları bacarsaq, o zaman möhtəşəm Avropa çempionatı keçirə biləcəyik”, deyə alman mütəxəssis bildirib.

Xatırladaq ki, Yulian Nagelsman 2023-cü ilin sentyabrından bundestimi çalışdırır. Cari ilin noyabrında yoldaşlıq görüşlərində Nagelsmanın kollektivi Türkiyə millisinə 2:3, Avstriya yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu.

Yulian Nagelsmanın Almaniya yığması ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

AÇ-2024-ə ev sahibliyi edəcək Almaniya yığma komandası qitə birinciliyində İsveçrə, Şotlandiya və Macarıstan milliləri ilə birgə A qrupunda yer alıb.