Futbol üzrə Almaniya çempionatının (Bundesliqa) sonuncu qalibi olan “Bayern” klubu baş məşqçisi Yulian Naqelsmann ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə klub rəhbərliyinin apardığı müzakirələrdən sonra 35 yaşlı məşqçinin qovulmasına qərar verildiyi diqqətə çatdırılıb. Almaniyalı məşqçi ilə yanaşı, köməkçiləri Dino Topmöller, Benjamin Qlyuk və Xavyer Zembrod da postundan uzaqlaşdırılıb.

Yulian Naqelsmann 2021-ci ilin iyul ayından “Bayern”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 84 matça çıxarıb. Münhen təmsilçisi bu görüşlərdə 60 qələbə qazanıb, 14 heç-heçə edib və 10 qələbə qazanıb. Naqelsmann “Bayern”dən öncə “Leypsiq” və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb.
Artıq “Bayern”in yeni baş məşqçisi də məlumdur. Almaniya nəhəngini bundan sonra Tomas Tuxel çalışdıracaq. Klubdan verilən məlumata görə, Almaniyadan olan 49 yaşlı mütəxəssilə 2025-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Tomas Tuxelin sonuncu iş yeri İngiltərənin “Çelsi” klubu olub. O, 2021-ci ilin yanvarından rəhbərlik etdiyi London təmsilçisindən 2022-ci ilin sentyabrında qovulmuşdu. Təcrübəli məşqçi daha öncə PSJ, “Borussiya” (Dortmund), “Maynts” və “Auqsburq”a da rəhbərlik edib.

Maraqlıdır ki, “Bayern” həm Almaniya Bundesliqasında çempionluq şansını saxlayır, həm də Almaniya kubokunda və UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir. Düzdür, Münhen təmsilçisi keçirdiyi son matçda “Bayer”ə 1:2 hesabı ilə uduzmaqla Bundesliqada liderliyi əldən verib. Bu komanda hazırda 52 xalla ikinci pillədə qərarlaşıb. Tuxelin keçmiş komandası, lider Dortmund “Borussiya”sının isə 53 xalı var. Belə olan halda klub rəhbərliyinin bu cür gözlənilməz qərar verib, baş məşqçi postunda dəyişikliyə əl atması böyük təəccüblə qarşılanıb.