Yulian Şabo “Köln”də qalmağa qərar verdi

2022-ci ilin əvvəlindən icarə əsasında Almaniyanın “Köln” komandasında forma geyinən Yulian Şabo Bundesliqa təmsilçisində qalacaq. Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 25 yaşlı mərkəz müdafiəçisi ilə 3 illik yeni müqavilə imzalanıb. Bu müqavilə iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, Şabo müqavilə ilə İtaliyanın “Sampdoriya” klubuna məxsusdur. Almanlar alman futbolçunun transferi üçün sözügedən kluba 2.5 milyon avro ödəyiblər.

Yulian Şabo 2022-ci ilin yanvarından formasını geyindiyi “Köln”də 24 oyuna çıxıb. O, bu görüşlərdə 2 məhsuldar ötürmə müəllifi də olub. Müdafiəçi 2019-cu ildən oynadığı “Sampdoriya”da da 22 oyuna çıxıb, 1 qol vurub.

Almaniyalı futbolçu karyerası ərzində “Leypsiq”, “Sparta” (Rotterdam), “Qroningen” və “Spetsiya” kimi klubların da formasını geyinib. O, Almaniyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.