Türkiyənin U-21 millisinin və “Sivasspor” klubunun dayaq yarımmüdafiəçisi Yunus Emre Konak “Brentford”a keçib.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Premyer Liqa təmsilçisi 18 yaşlı futbolçunun transferi üçün “Sivasspor”a 4,5 milyon avro ödəyib. Gənc futbolçu ilə müddəti daha bir il artırmaq şərti ilə 2029-cu ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. O, 2023/24 mövsümündən əsas komandada çıxış etməyə başlayıb. Bu mövsüm Super Liqada 17 oyunda meydana çıxan gənc futbolçu 1 qolun ötürməsini verib. Gənc yarımmüdafiəçi Türkiyənin U-18 yığmasında oynayıb, hazırda isə U-21-ə dəvət alır.