İtaliyanın “Udineze” klubu heyətini 4 yeni futbolçu – İker Bravo, Qonsalo Esteves, Yurgen Ekkelenkamp və Yesper Karlströmlə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Yurgen Ekkelenkamp “Antverpen”dən 5,5 milyon avro müqabilində transfer olunub. 24 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
“Almere Siti” və “Ayaks”ın yetirməsi olan Ekkelenkamp, “Antverpen”dən öncə “Herta”da da oynayıb. Niderlandlı futbolçu ölkəsinin müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt etməyib.

Yesper Karlström Polşanın “Lex” klubundan 2 milyon avro müqabilində transfer olunub. 29 yaşlı isveçli futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Karlström İsveçin “Brommapoykarna” klubunun yetirməsidir. Ölkəsində “Yurqorden”in də şərəfini qorumuş mərkəz yarımmüdafiəçisi 2021-ci ildən “Lex”in şərəfini qoruyurdu. İsveçin U-17, U-19 və U-21 yığmalarında oynamış futbolçu əsas millidə də 13 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

İker Bravo Almaniyanın “Bayer” klubundan 600 min avro müqabilində transfer olnuub. 19 yaşlı ispan forvard “Udineze” ilə 4 illik sözləşmə imzalayıb.
İker “Bayer”lə yanaşı, İspaniyanın “Barselona” və “Real” klublarının da futbol akademiyasından keçib. Gənc forvard Leverkuzen təmsilçisinin əsas komandasında 2 oyuna çıxıb. Bravo İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.

Qonsalo Esteves isə Lissabon “Sportinq”indən azad agent kimi “Udineze”yə keçib. Portuqaliyadan olan 20 yaşlı sağ cinah müdafiəçisi də İtaliya klubu ilə 4 illik anlaşıb. “Portu” və “Sportinq”in yetirməsi olan futbolçu icarə əsasında “Eştoril” və “Alkmar”da da forma geyinib, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Mateus Martins 10 milyon avroya satıldı
“Udineze” iki futbolçusu ilə də yollarını ayırıb. Braziliyalı sol vinger Mateus Martins 10 milyon avro müqabilində “Botafoqo”ya satılıb. 21 yaşlı futbolçu Braziliya klubu ilə 2028-ci ilin dekabr ayına qədər nəzərdə tutulmuş müqavilə bağlayıb.
“Fluminense”nin yetirməsi olan Martins, 2023-cü ilin yanvarında 6 milyon avro qarşılığında “Udineze”yək keçmişdi. O, ötən mövsüm icarə əsasında İngiltərənin “Uotford” klubunda oynayıb.
“Udineze” xorvatiyalı mərkəz müdafiəçisi Antonio Tikviçi də “Uotford”a icarəyə verib. 20 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. 2023-cü ilin sentyabrından “Udineze”də çıxış edən futbolçunun İtaliya klubu ilə 2028-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.