Yurgen Henn: “Azərbaycanla oyunumuz asan olmayacaq”

Estoniya yığmasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla oyundan öncə fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, Estoniya yığması sabah UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Azərbaycan millisini qəbul edəcək.

Bu qarşılaşmadan öncə keçirilən mətbuat konfransında Yurgen Henn Azərbaycan seçməsinin kifayət qədər layiqli rəqib olduğunu bildirib:

“Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi 1 xal ala bilmişdik. Onların sürətli və keyfiyyətli futbolçuları çoxdur. Buna diqqət yetirməliyik. Bizi asan görüşün gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq”.

Baş məşqçi heyətdəki itkilərdən də söz açıb. Onun sözlərinə görə, Estoniya millisinin Polşanın “Odra” klubunda çıxış edən futbolçusu Artur Pikk Tallində keçiriləcək matçı buraxa bilər. Mütəxəssis müdafiəçinin bazar günü Polşa çempionatının oyununda topuğundan zədə aldığını bildirib:

“Zədənin miqyası hələlik dəqiq deyil. Onun vaxta ehtiyacı var. Bu gün müayinə olunacaq. Daha sonra durumuna tam aydınlıq gələcək”.

Estoniya millisinin futbolçusu Markos Poom da mətbuat konfransında iştirak edib. 25 yaşlı yarımmüdafiəçi sabah Millətlər Liqasında Azərbaycana qarşı oyundan gözləntilərini açıqlayıb:

“Yeni baş məşqçimiz olduğundan inanıram ki, bizə yaxşı oyun planı verə biləcəklər. Mütləq qələbə qazanacağımıza ümid etmək istəyirik. Şübhəsiz ki, bərabərsəviyyəli oyun olacaq, amma nəticə əldə edə bilərik”.

Markos bildirib ki, Azərbaycan yığması hücuma meyilli futbol oynayır:

“Azərbaycanla son Avropa çempionatının seçmə mərhələsində də eyni qrupda yer alırdıq. Bu səbəbdən də rəqibi yaxşı tanıyırıq. Onlar yaxşı xarakterə malikdirlər və fərdi keyfiyyətləri yüksəkdir. Lakin Azərbaycanın da zəif tərəfləri var. Rəqib müdafiədə zəifdir. Ümid edirik ki, biz güclü tərəflərimizdən istifadə edə bilərik”.

Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın