Yürgen Henn və Karl Heyn millimizlə oyundakı qələbə haqda

Futbol üzrə Estoniya yığma komandasının baş məşqçisi Yürgen Henn Azərbaycan milliisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, ötən gecə Tallində keçirilmiş Estoniya – Azərbaycan matçında meydan sahibləri 3:1 hesablı qələbəyə seviniblər.

Matçdan sonra Yürgen Henn bunları dilə gətirib:

“Azərbaycan yığmasının oyununu zərərsizləşdirmək üçün konkret tapşırıqlar lazım idi. Biz onların beş müdafiəçi ilə oynayacağını gözləyirdik. Qarşılaşmanın əvvəlində müdafiədə çətinliklər yaşadıq. Belə anlarda daha tez reaksiya verməliyik, nəinki fasiləni gözləmək”.

Rəqib komandanın baş məşqçisi müdafiəyə çəkilmədiklərini bildirirək bunun sayəsində 3-cü qolu vurduqlarını deyib:

“Bizim öz oyun planımız var. Hücum edib və hansısa anlarda ələ düşən fürsətlərdən istifadə etmək istəyirik. Oyunçuların meydandakı davranışı da önəmlidir – bəzən çərçivədən kənara çıxmalı və sərbəst qərar verilməlidir. Buraxılan topdan 13 saniyə sonra vurulan qol əvvəlcədən sınaqdan keçirilmiş məqam idi”.

Estoniya yığmasının qapıçısı Karl Heyn də matçla bağlı fikirlərini paylaşıb. 22 yaşlı qapıçı millimizdən revanş aldıqları üçün çox xoşbəxt olduqlarını dilə gətirib:

“Evdə 3 xal qazandığımız üçün sevinməliyik. Keçən il Azərbaycan ilə matçda çox ağrılı məğlubiyyət almışdıq. Səhvləri düzəltmək üçün böyük motivasiya və iradə nümayiş etdirdik. İndi bu uğurlu çıxışı davam etdirməyə çalışacağıq. “Le Kok” Arenada növbəti oyunumuzda da xal qazanmaq istəyirik”.

Qeyd edək ki, Estoniya oktyabrın 14-də İsveçi qonaq edəcək. Millimiz isə eyni gündə evdə Slovakiyanı sınağa çəkəcək.

Xəbəri istədiklərinizlə paylaşın