Yürgen Klinsmann rəsmən Cənubi Koreya yığmasında!

Almaniyalı mütəxəssis Yürgen Klinsmann futbol üzrə Cənubi Koreya milli komandasının yeni baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə Cənubi Koreya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, alman məşqçi ilə 3.5 il müddətinə müqavilə imzalanıb. Anlaşmaya əsasən, Klinsmann 2026-cı ildə keçiriləcək dünya çempionatının sonunadək bu komandaya rəhbərlik edəcək. Müqavilənin şərtinə görə, 58 yaşlı məşqçi bu müddət ərzində Cənubi Koreyada yaşayacaq.

Bu postda portuqaliyalı Paulu Bentunu əvəzləyən Klinsmannın debütü martın 24-də gerçəkləşəcək. Həmin gün sözügedən komanda Ulsanda Kolumbiya yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Xatırladaq ki, Yürgen Klinsmann son olaraq 2019/20 mövsümündə Almaniyanın “Herta” klubuna rəhbərlik edib. O, 2019-cu ilin noyabrında anlaşdığı bu komandanı 2020-ci ilin fevralında tərk edəndən bəri işsiz idi. Daha öncə Almaniya nəhəngi “Bayern”ə də baş məşqçilik etmiş mütəxəssis, karyerası ərzində üçüncü dəfə yığma komanda çalışdıracaq. Belə ki, o, 2004-2006-cı illər aralığında Almaniya, 2011-2016-cı illər aralığında isə ABŞ milli komandasında baş məşqçi olub.