Yurgen Klopp Aleksis Makallisterə tərif yağdırdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın argentinalı yarımmüdafiəçisi Aleksis Makallisterin çıxışından heyranlığını dilə gətirib.

Arena.az xəbər verir ki, alman mütəxəssis cari mövsümün əvvəlində mersisaydlıların sıralarına qoşulmuş futbolçunu belə tərifləyib:

“Aleksis tam axtardığım oyunçudur: çox nüfuzlu, çox ağıllı, əla oğlan. O, həmçinin “Liverpul”da oynamağı sevir. Bu, həqiqətən də vacibdir”.

Yurgen Klopp argentinalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 29-cu turunun “Brayton”la oyunundakı (2:1) çıxışına da qiymət verib:

“Bəli, “Macca” inanılmazdır, tamamilə inanılmazdır, amma bu cür istedada sahib olanda, bu cür xasiyyətə sahib olanda bunu etməlisən. Aleksis buna qadirdir. Mən oğlanlarımın ən böyük pərəstişkarıyam, amma onların yaxşı çıxışlarına artıq təəccüblənmirəm. Əgər bir şey onlara kömək etməsə, onlara necə kömək edəcəyimi düşünürəm. Amma onlar yaxşı oynayanda mən onlar üçün sevinirəm”, deyə Klopp vurğulayıb.

Aleksis Makallister “Arxentinos Xuniors” klubunun yetirməsidir. O, 2019-cu ilin qışında “Arxentinos Xuniors”dan “Brayton”a keçib. Makallister “Liverpul”a 2023-cü ilin iyul ayında 42 milyon avro qarşılığında məhz “Brayton”dan gəlib. Onun “qırmızılar”la 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.

Makallister “Liverpul”da bütövlükdə 35 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Mərkəz yarımmüdafiəçisi 2019-cu ilin sentyabr ayında debüt etdiyi Argentina yığmasında 25 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ilə yadda qalıb. Aleksis milli komanda ilə 2022-ci ildə dünya çempionu olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı futbolçunu 70 milyon avro məbləğində dəyərləndirir.