Yurgen Klopp LASK üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda LASK ilə oyunda (4:0) inamlı qələbəni şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, Klopun bu barədə fikirlərini təqdim edir:

“Ən əsası odur ki, qrupa başçılıq edirik və bu, dəyişməyəcək. Çox xoş anlar oldu, bəzilərini isə çox da bəyənmədim. Biz daim deyirik ki, böyümək və inkişaf etmək lazımdır. Yaxşı futbol vardı, amma bu oyun fasiləyə qədər bitməli idi. 2:0 və 3:0 hesabı ilə oyunu bir az açdıq və imkanlar yarandı. 4:0 hesabı ilə qalib gəlmək fantastikdir”, deyə alman mütəxəssis bildirib.

Həmçinin Yurgen Klopp sonuncu, 6-cı turla da bağlı fikirlərini paylaşıb:

“Qrupda birinci yer? Bu, yaxşıdır. Son turda “Yunion” ilə vacib oyunumuz olacaq, ona görə də biz ora gedib qalib gəlmək üçün oynayacağıq, amma yaxşı ki, qalib gəlməyimiz gərək deyil. Turnir qısa müddətə dayanacaq, amma yanvarda davam edəcək” – BBC Klopdan sitat gətirir.

5 turdan sonra “Liverpul” “E” qrupunda 12 xalla liderdir və rəqibləri üçün artıq əlçatmazdır. “Tuluza”nın 8, “Yunion”un 5, LASK-ın 3 xalı var.

Vurğulayaq ki, “Liverpul” cari mövsüm Avropa liqasının əsas favoritidir.