Yurgen Klopp “Liverpul” karyerasını dəyərləndirdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın sükanı arxasında fəaliyyətinə dair yekunlarla çıxış edib.

Arena.az ESPN portalına istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bilirik ki, daha çox qənimət qazana gələ bilərdik, amma bunu dəyişə bilmərəm. Daha azını da qazana bilərdik. Bir xal fərqlə çempion olmamaq yaxşı təcrübə olmasa da, təcrübədir. O anlarda fərqli bir şey edə bilməzdim.

Çempionlar Liqasını daha çox qazana bilərdik. Üç finala yüksəlmək əlamətdar nailiyyətdir. Finalda uduzmaq imkanınız var, bu, veriləndir. “Real” həmişə qalib gəlməyin yolunu tapır.
Daha çox şey edə biləcəyimi düşünsəm, xoşbəxt olmazdım. Daha artığını edə bilmədim. Başqası edə bilərmi? Ola bilər. Amma mən – yox və bu, mənim üçün yaxşıdır. İnsanlar məni mühakimə edəcəklər və insanların çoxu buna adi yanaşırlar”, deyə Klopp vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Yurgen Klopp cari mövsümün bitməsilə “Liverpul”dan gedəcəyini açıqlamışdı.

Hazırda, niderlandlı mütəxəssis, “Feyenoord”un baş məşqçisi Arne Slotun Yurgen Klopu əvəzləyəcəyi məlumdur. Artıq, mütəxəssisin “Liverpul”la müddəti 2027-ci ilə qədər qüvvədə olacaq müqavilə imzaladığı da deyilir. İngiltərə klubunun Rotterdam təmsilçisinə Arne Slotla müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə təzminat olaraq 13-15 milyon avro məbləğ civarında ödəniş edəcəyi haqda məlumat var.

“Liverpul” 2023/2024-cü illər mövsümü İngiltərə Premyer Liqasının yarış cədvəlində 37 oyundan 79 xalla 3-cü pillədədir və mövsümü Premyer Liqanın bürünc medalı ilə bitirəcəyi aydındır.

Yurgen Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis “qırmızılar”la 8 kubok qazanıb. Klopun rəhbərliyi altında “Liverpul” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb.

Klopp “Liverpul”u 488 oyuna çıxarıb. “Qırmızılar” bu oyunlarda 303 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1086:550 nisbətindədir.