Yurgen Klopp “Liverpul”la yeni müqavilə bağladı

Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə klubu ilə yeni müqavilə imzalayıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssisin sözləşməsinin müddəti 2026-cı ilin yayınadək uzadılıb. Əvvəlki müqavilənin müddəti 2024-cü ilin yayına qədər idi.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ilin oktyabr ayından “Liverpul”a rəhbərlik edir. Premyer Liqa təmsilçisi alman məşqçinin rəhbərliyi altında 373 oyuna çıxıb. Komanda bu oyunlarda 229 qələbə qazanıb, 84 heç-heçə edib, 60 məğlubiyyətə üzülüb.

“Liverpul” Kloppun başçılığı altında İngiltərə Premyer Liqasını, Liqa Kubokunu, UEFA Çempionlar Liqasını və UEFA Super Kubokunu, həmçinin klublararası dünya çempionatını qazanıb. Bu mövsüm də Premyer Liqa çempionluğuna şansını davam etdirən komanda, Çempionlar Liqasının finalına yüksəlməyə yaxındır. Belə ki, ötən gün yarımfinalın ilk oyunu çərçivəsində İspaniya “Vilyarreal”ı ilə qarşılaşan “qırmızılar” 2:0 hesablı qələbəyə seviniblər.