Yurgen Klopp: “Unai Emeri öz işində ən yaxşılardan biridir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Aston Villa”nın baş məşqçisi Unai Emeri haqda fikirlərini paylaşıb.

Arena.az alman çalışdırıcının ispan mütəxəssis haqda fikirlərini təqdim edir:

“O, işimizin ən yaxşılarından biridir. Bəzi klublar onun işinin nəticəsini gözləməyə hazır deyildilər, amma geriyə baxsaq, bəlkə də bu klublar indi fərqli qərar verərdilər. Mən onu çoxdan tanıyıram. Onun həmişə aydın fikri, baxışı olub”, deyə Yurgen Klopp həmkarı haqda bildirib.

Qeyd edək ki, ötən gün “Liverpul” səfərdə “Aston Villa” ilə qarşılaşıb. Klopla Emerinin komandalarının duelində məhsuldar heç-heçə qeydə alınıb – 3:3.

Xatırladaq ki, Unai Emeri 2022-ci ilin noyabrı ayından bəri “Aston Villa”nı çalışdırır. 52 yaşlı mütəxəssisin bu klubla 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Emeri əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qalibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).

İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 82 oyun, 44 qələbə, 16 heç-heçə, 22 məğlubiyyət. Topların fərqi isə 155:112 nisbətindədir.

Hazırda Unai Emerinin komandası İngiltərə Premyer Liqasında 37 oyunda topladığı 68 xalla 4-cü pillədə qərarlaşıb. “Aston Villa”nı mövsümün son turunda “Kristal Pelas”la səfər oyunu gözləyir. Sözügedən oyun mayın 19-da baş tutacaq.