Yurgen Klopp: “Vidalaşmaq həmişə xoşagəlməzdir”

“Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp klubu və futbolçuları ilə vidalaşması haqda danışıb.

Arena.az xatırladır ki, Klopp cari mövsümün sonunda “qırmızılar”ın düşərgəsindən ayrılacaq.

“Həyatımın ən əsəbi həftəsi idi: bir çox insanla vidalaşdım. Bu həftənin adi bir həftə olması ilə özünüzü aldatmamalıyıq…

Bayram öncəsi son oyunumdur, ona görə də hər şey həmişəki kimidir, amma eyni zamanda bilirəm ki, tezliklə hər şey dəyişəcək… Dünən futbolçular bizimlə vidalaşdılar, manqalda kabab çəkdik, vida məclisi etdik. Keçən həftə neçə köynək imzaladığımı dəqiq bilmirəm, amma düşünürəm ki, indi hər kəsdə bir köynək var!

Vidalaşmaq həmişə xoşagəlməzdir, amma incimədən deyirsənsə, bu, o deməkdir ki, birlikdə keçirdiyin vaxt ən yaxşı vaxt olmayıb, mən isə çox gözəl vaxt keçirmişəm”, – jurnalist Ben Ceykobs alman mütəxəssisdən sitat gətirir.

Yurgen Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində 56 yaşlı alman mütəxəssis bu klubla 8 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.

“Liverpul” Klopun rəhbərliyi altında 488 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 303 qələbə qazanıblar, 100 heç-heçə ediblər, 85 oyunda isə məğlubiyyətə üzülüblər. Topların fərqi isə 1086:550 nisbətindədir.

Hazırda Yurgen Klpopun “Liverpul”u İngiltərə Premyer Liqasının yarış cədvəlində 37 oyundan 79 xalla 3-cü pillədə qərarlaşıb. “Qırmızılar” cari mövsümü elə, bürünc medalla da başa vuracaqlar.